QADININ ELMDƏ ROLU

QADININ ELMDƏ ROLU

AMEA Neft Kimya Prosesləri İnstitutu

Vüsalə Mirzəbəyova

böyük elmi işçi

Gülxanım Abbasova

kimya elmləri namizədi

Qədim zamanlardan birmənalı olaraq, qadınlar həyatın yaradıcılıq mənbəyi kimi qiymətləndirilmişlər. Onlar bizim tariximizdə silinməz izlər qoymuş və indi də qoymaqdadırlar. Onlardan çoxu yüz il bundan əvvəl dünyadan köçsələr də müasir elmdə və mədəniyyətdə yaşamaqda davam edirlər.

Qadının fəaliyyətinin həmişə müəyyən risklə bağlı olduğuna baxmayaraq, bəzi kişi alimlərin fikirlərinə zidd olaraq, onun elmdə rolu böyük olmuşdur.

Neçə ildir ki, qadın elmlə məşğuldur? Bu dörd min ildən də artıq bir dövrü əhatə edir.

Qədim Misir mənbələrində elmi-texniki işçi haqqında ilk tarixi məlumata birinci piramidanın tikilməsi haqda yazılmış materiallarda rast gəlinir. Bu İmhotep adlı kişi memar olmuşdur. Lakin digər mənbələrdə rast gəlinən ikinci ad isə bizim əsrdən təqribən 2350 il əvvəl yaşamış mühəndis qadının adıdır. Alimlər təsdiq edirlər ki, onun adı En-Hedu-Anna olmuşdur [1].

Antik dövrlərdə elmlə məşğul olan qadınlar az deyildi. İsgəndəriyyədən olan Hipatiya (370-415-ci illər) – riyaziyyatçı, astronom və filosof kimi tanınmışdır. O, İsgəndəriyyə muzeyində riyaziyyatdan, astronomiyadan, mexanikadan, fəlsəfədən məruzələr oxumuşdur. Bu məruzələri dinləmək üçün dünyanın hər yerindən tələbələr gəlirdilər. Hipatiya atası riyaziyyatçı və astronom Teonla birlikdə ilk dəfə olaraq suyun distillə aparatını kəşf etmişdilər [2].

1. Hipatiya

Hipatiya

Pifaqorun məktəbində 30-a yaxın qadın fəaliyyət göstərirdi. Riyaziyyat, fizika və tibb elmləri ilə məşğul olan kosmoloq Teaniya (Pifaqorun həyat yoldaşı) xüsusilə məşhur idi.

 

 2. pifaqor mektebi

 

 Pifaqorun məktəbi

 

Ekipurun fəlsəfə məktəbində (Afina, b.e.ə. III əsr) qədim Yunan filosofu Platonun akademiyasında qadınlara kişilərlə bərabər iştirak etmək hüququ verilmişdir.

Orta əsrlər dövründə rahibə Hildeqardın (1098-1179) adı çox məşhur idi. O, 230 adda bitki və 60 növ ağac, quş, balıq, daş, metal haqda məlumatın, tibb kitablarının, ensiklopediyaların müəllifidir [3].

Elmi inqilab əsri olan XVII əsrdə İngiltərədə Eliza Heyvud (1693-1756) tərəfindən hazırlanmış ilk dövri qadın jurnalı olan “Female spectator” (1744-cü il) çap olunmuşdur [4].

3. Eliza-heyvud

Eliza Heyvud

Təbiət elmləri və riyaziyyatla məşğul olan hersoginya M.Kavendiş (1667-cil) London Kral cəmiyyətinin üzvü idi.

Aristokrat Martina de Buzolle – birinci qadın-geoloq kimi tanınmışdır. O, riyaziyyat, kimya, mexanika, hidravlikanı öyrənirdi.

Qadınların formal təhsil almaq hüququ hələ olmadığı üçün onlar öz biliklərini elmlə məşğul olan atalarından, qardaşlarından, ərlərindən alır, tədqiqatlarında onlara kömək edirdilər. Buna misal olaraq, astronom Karolina Herşelin (1750-1848) öz qardaşı məşhur astronom Uilyam Qerşelle birgə fəaliyyətini göstərmək olar. Nəticədə 1786-1797-ci illərdə Karolina 8 kometa kəşf etmiş, 1798-ci ildə London Kral cəmiyyətinə düzəlişlər edilmiş, yeni ulduz kataloqu təqdim etmişdir [3].

 

4. karolina Herşel

Karolina Herşel

XVIII-XIX əsrlərdə tibb elmi inkişaf etməyə başlayır. Bu sahədə universitet təhsili almış mütəxəssislərin sayı artır. Lakin qadınların tibbi təhsil almaq və işə düzəlmək imkanları məhdud idi. Ona görə qadınlar müxtəlif çıxış yolları axtarırdılar.

Görkəmli cərrah həkim Berri (əsl adı Marqaret Enn Bakli) (1795-1865) kişi qiyafəsi geyinmiş və ömrünün sonuna qədər də bu qiyafədə çalışmışdır. 1857-ci ildə Afrikada, Maltada və Krımda işlədikdən sonra o, Kanada hospitallarının inspektoru təyin olunmuşdur. Həqiqət ancaq o vəfat edəndən sonra aşkara çıxmışdır [3].

Dünyada birinci proqramçı məşhur şair D.Bayronun qızı qrafinya Ada Avqusta Bayron (1815-11852) olmuşdur. Ledi Lavleysin bu sahədə əldə etdiyi nailiyyətləri qiymətləndirmək məqsədilə proqramlaşdırmanın müasir dillərindən biri onun şərəfinə Ada adlandırılmışdır [3].

 

5. Həkim Berri

Həkim Berri 

                                             

6. Ada Avqusta Bayron

Ada Avqusta Bayron

Getdikcə elmin inkişafı onun universitetlərdə sərbəst predmet kimi öyrənilməsinə səbəb olur, lakin uzun müddət universitetlər qadınlar üçün bağlı idi. Ancaq XIX əsrin 60-cı illərində ilk dəfə olaraq, qadınlara rəsmi surətdə universitetlərdə kişilərlə bərabər oxumaq və işləmək hüququ verildi. Bu Hollandiya Universitetləri idi. Həmin əsrin 70-ci illərində İsveçrənin və İngiltərənin universitetləri də buna razılıq verdi. Almaniyada ancaq 1890-cı ildən başlayaraq qadınlar universitetlərdə oxumaq hüququ aldı.

XVII əsrdən başlayaraq İtaliyada, İngiltərədə, Fransada, Almaniyada, Peterburqda ilk elmlər akademiyalarının açılması, dövri elmi nəşrlərin çapı ilə yanaşı, həm milli, həm də avropa elmi cəmiyyətləri yaradılır. Elmi fəaliyyətlə məşğul olan şəxslər krallar, yüksək vəzifəli dövlət məmurları, mesenatlar tərəfindən mükafatlandırılırdılar.

Bir çox elmi təşkilatların və cəmiyyətlərin yaradılmasında qadınlar da aktiv iştirak edirdilər. Belə ki, Prusiya kraliçası Sofi Şarlotta (Leybnisin tələbəsi) 1700-cü ildə Berlin elmlər akademiyasının yaradılmasına kömək etmişdir. Paris elmlər akademiyasının yaradılması ideyasını Rişelyeyə madam Pambulye təklif etmişdi.

7. Sofi Şarlotta

Sofi Şarlotta

Öz dövrünün ən savadlı qadınlarından biri, Peterburq elmlər akademiyasının direktoru, Rusiyada ilk dövlət vəzifəsi tutan Ekaterina Romanova Daşkovanı (1743-1810) xüsusilə qeyd etmək lazımdır. O, tədqiqatçı olmasa da, bacarıqlı elm təşkilatçısı idi. Onun dövründə Rusiya cəmiyyətində elm və təhsilin statusu əhəmiyyətli dərəcədə artmışdı. S.V.Kovalevskaya (1850-1891) yalnız Stokholmda deyil, Avropada da ilk qadın-professordur. O, riyazi analiz, mexanika, astronomiya sahələrində çalışmışdır. 1889-cu ildə Peterburq elmlər akademiyasının müxbir-üzvü seçilmiş ilk qadındır.

8. S.V.Kovalevskaya

S.V.Kovalevskaya

 

Dünyada ilk dəfə kimya sahəsində tədqiqatlarını çap etdirən qadın Anna Fedorovna Volkova olmuşdur. O, D.İ.Mendeleyevin rəhbərliyi altında işləyirdi. Kimya sahəsindəki nailiyyətlərinə görə Rusiya kimya cəmiyyətinin üzvü seçilmişdir [3].

Daha bir məşhur qadın alim radioaktivlik haqda nəzəriyyənin yaradıcılarından biri, fransız fiziki və kimyaçısı Mariya Sklodovskaya-Küridir. O, həyat yoldaşı Pyer Küri ilə birlikdə radioaktivliyi təyin etmiş, polonium və radium elementlərini kəşf etmiş, radioaktiv ölçmə üsullarını işləmiş, radioaktiv şüalanmanı tibbə tətbiq etmişdir.

Bu qadının nailiyyətləri yüksək qiymətləndirilmiş, o, 2 dəfə Nobel mükafatına layiq görülmüşdür (1903-cü ildə fizika, 1911-ci ildə kimya üzrə) 1907-ci ildə o, Peterburq elmlər akademiyasının müxbir üzvi seçilmişdir [5].

9. MariyaSklodovskaya- Küri

Mariya Sklodovskaya – Küri

Sərbəst işləyən qadın-alimlər elmi əsərlərini çox vaxt öz adları ilə yox, təxəllüsləri ilə çap etdirir və bununla da bu əsərə ciddi münasibət göstəriləcəyini  təmin etmiş olurdular. Bəzən də öz müəllifliklərini siyasi və ya dini motivlərə görə gizlədirdilər. Bunun səbəbidir ki, bizim yalnız çox az qadın-alim haqqında məlumatınız var.

XX əsr tarixə elm və təhsil əsri kimi daxil olmuşdur. Qadınlar kişilərlə bərabər təhsil hüququ qazanmışdır. Bəşəriyyətin tarixində ilk dəfə olaraq, elm kütləvi peşə xarakteri almışdır.

Elmlə məşğul olan qadınların sayı XIX əsrin sonlarından təqribən 1930-cu ilə qədər xüsusilə artmışdır ki, bu da qadınların öz hüquqları uğrunda kütləvi mübarizəyə başlaması ilə əlaqədar idi. 60-cı illərdə isə dünya elmində qadın alimlərin sayı sürətli dərəcədə artmışdır. Bunu qadınların təhsil səviyyəsinin artması və feminist hərəkatının sürətlənməsi ilə izah etmək olar.

Əsrlərlə cəhalətin qurbanı olan Azərbaycan qadınları da üzündə rübənd, başında qara çadra olsa da, azadlıq və tərəqqi uğrunda həmişə mübarizə aparmışlar.

XIX əsrin axırlarında mədəni intibahın ilk sədası olan maarifçilik hərəkatı Azərbaycanda da yayıldığı bir zamanda qadınların maarifləndirilməsi, ictimai və mədəni həyatda iştirakının zəruriliyi ən vacib problemə çevrilmişdi.

Azərbaycanın ilk maarifpərvər qadınları bu dövrdə böyük çətinliklərlə qarşılaşsalarda, hər cür hədə-qorxudan hətta ölümdən belə çəkinməyərək ictimai-mədəni məsələlərin həllində Azərbaycan elminin inkişafında böyük fədakarlıq göstərirdilər.

Bu mütərəqqi fikirli ziyalı Azərbaycan qadınları sırasında aşağıdakıları xüsusilə göstərmək olar:

İlk maarifpərvər Azərbaycan qadını Şəfiqə Əfəndizadə (1882-1959) tanınmış pedaqoq Məmmədəmin Şeyxzadənin ailəsində anadan olmuşdur. O, bütün Zaqafqaziyada ilk Azərbaycan dili müəlliməsi, ilk Azərbaycan qadın jurnalisti və yazıçısı olmuşdur [6].

10. Şəfiqə Əfəndizadə

Şəfiqə Əfəndizadə

Mədinə Qiyasbəyli (1889-1938) Qazax qəzasının Salahlı kəndində maarifpərvər Mehdi ağa Vəkilovun ailəsində doğulmuş görkəmli maarifçidir. Salahlı kəndində ilk qız məktəbi açmış, Qazax mahalında maarif inspektoru, Bakıda darülmüəllimatın təşkilatçısı və ilk müdiri olmuşdur. “Şərq qadını” məcmuəsinin təsisçilərindən biri və müəllifi idi. M.S.Ordubadinin və başqa ədiblərin əsərlərini ruscaya tərcümə etmişdir. Xədicə Ağayeva (1885-1958) görkəmli pedaqoq olmuş, ömrünün sonunadək maarifçiliklə məşğul olmuşdur. Gəncədəki qız məktəbinin müdiri, Bakıdakı Azərbaycan birinci milli qadın gimnaziyasının müfəttişi vəzifələrində çalışmışdır. Lenin ordeni ilə təltif olunmuşdur.

 

11. Xədicə Ağayeva1

Xədicə Ağayeva

Rəhilə Hacıbababəyova (1881-1954) görkəmli pedaqoq olmuşdur. Bakıda ali-ibtidai qız məktəbinin təşəbbüskarı və müdiri kimi fəaliyyət göstərmişdir. Həmidə Cavanşir-Məmmədquluzadə (1873-1955) – zəmanəsinin görkəmli maarifçi ziyalısı, tarixçi Əhməd bəyin ocağında dünyaya gəlmişdir. Böyük satirik C.Məmmədquluzadənin ömür yoldaşı olmuşdur. O, Qafqaz müsəlman qadınlar xeyriyyə cəmiyyətinin ilk yaradıcılarından biri olmuş, Kəhrizli kəndində məktəb açmış, ictimai-mədəni həyatda fəal iştirak etmişdir.

13. Rəhilə Hacıbababəyova

Rəhilə Hacıbababəyova 

12. Həmidə Məmmədquluzadə

Həmidə Cavanşir-Məmmədquluzadə

Sara Talışinskaya (1890-1965) ömrünün yarım əsrindən çoxunu xalq maarifi işinə həsr etmiş, dövrünün qabaqcıl, mədəni və ictimaiyyətçi qadınlarından olmuşdur. Aliyə Sultanova (1895-1943) M.F.Axundovun nəvəsi, müəllimlik kimi nəcib, xeyirxah peşəni, ömrünün qayəsi hesab etmişdir.

14. Sara Talışınskaya

Sara Talışinskaya

15.Aliye Sultanova

Aliyə Sultanova

Gövhər Qayıbova (1885-1944) Tiflisdə və Bakıda qız məktəblərində dərs demiş, ictimai-mədəni tədbirlərdə fəal iştirak etmişdir. Naxçıvana ilk maarif işığı gətirən tərəqqipərvər qadınlar sırasında Fatma Hacınskaya (1890), əməkdar müəllim Nazlı Tahirovanı (1890) xüsusilə qeyd etmək olar.

16. Gövhər Qayıbova

Gövhər Qayıbova

17. Nazlı Tahirova2        

Nazlı Tahirova

 

Öz dövrünün maarifpərvər qadını Səidə Şexyzadə (1889-1919) bütün fəaliyyətini gənc nəslin təlim-tərbiyəsinə həsr etmişdir. N.B.Vəzirovun ömür yoldaşı Xurşid Vəzirova (1868-1913) maarifpərvər bir qadın olmuş, böyük qızı Sara Vəzirova (1889-1961) da Bakıdakı II rus-müsəlman qız məktəbinin müdiri vəzifəsində çalışmışdır.

18. Xurşid Vəzirova

Xurşid Vəzirova

19. Sara Vəzirova

Sara Vəzirova

Yarım əsrdən artıq maarif və mədəniyyət işlərində fəaliyyət göstərmiş Qumru Nərimanova (1892-1969) və əməkdar müəllim Azərbaycan mətbuatının banisi N.B.Zərdabinin qızı Qərib Soltan (1889-1967) öz əvəzsiz xidmətlərinə görə Lenin ordeni ilə təltif olunmuşlar. Nabat Nərimanova (1890) İnqilabdan əvvəl Şəkidə, Bakıda qız məktəblərində dərs demiş, “Dəbistan”, “İşıq” və s. məcmuələrdə maarifə dair yazılarla çıxış etmişdir. 1911-1912-ci illərdə Azərbaycan dilində nəşr edilən ilk qadın jurnalı “İşığın” redaktoru Xədicə Əlibəyova (1884-1961) olmuşdur. Ədilə Şaxtaxtinskaya (1894-1949) İnqilabdan əvvəl müəllim işləmiş, sonra isə ali tibb təhsili alıb, məşhur ginekoloq-professor olmuşdur. Kişvər Əliyeva (1892-1921) Azərbaycanda ilk musiqi müəllimi, Tiflisdə musiqi məktəbini bitirmişdir (1910). Moskva Konservatoriyasına girmiş (1914) ancaq maddi vəziyyətinin çətinliyi üzündən bitirə bilməmişdir. Bakıda I rus-müsəlman qız məktəbində dərs demişdir.

Qeysər Kaşıyeva (1893-1972) Azərbaycanda təhsil görmüş ilk rəssam qadın olmuşdur. Tiflisdə rəssamlıq məktəbini bitirmişdir (1906). Əməkdar elm xadimi Sona Vəlixan (1883-1982) 1900-cü ildə İsveçrədə bir il Lozanna Universitetində oxumuş, ancaq təhsilini 1908-ci ildə Peterburq qadın tibb Universitetində tamamlaya bilmişdir. Azərbaycan qadınları arasında ilk tibb elmləri doktoru, professordur. Bilqeyis Haşımzadə (1900-1961) ilk azərbaycanlı hüquqşünas qadındır. Azərbaycan SSR Ali Məhkəməsinin üzvi və respublika prokurorunun köməkçisi vəzifəsində çalışmışdır.

20. Qeysər Kaşıyeva2

Qeysər Kaşıyeva

Fəal maarif xadimi Məryəm Bayraməlibəyovanın (1898-1988) Lənkəranda ilk qız məktəbinin (1918), Bakıda maarif işçiləri evinin (1926) təşkilində böyük xidmətləri olmuşdur. Gülruh Qədimbəyova (1902) əməkdar müəllim Azər­baycanda məktəbəqədər tərbiyə işinin banilərindən biri sayılır.

22. Məryəm Bayraməlibəyova2

Məryəm Bayraməlibəyova

 

Azərbaycanlı qadınlar arasında tibb elmləri doktoru, Azər­baycan SSR EA-nın müxbir üzvü Umnisə Musabəyova (1902-1974) zəngin elmi və ictimai fəaliyyəti ilə bütün dünyada tanınmışdır. Validə Tutayuq (1914-1980) biologiya elmləri doktoru, professor, akademik Qafqaz florasına dair 90-dan artıq elmi əsərin müəllifi olmuşdur [7, 8].

Bu məlumatlar təsdiq edir ki, cəmiyyətin inkişafının bütün dövrlərində, hər bir mədəniyyətdə qadın alimlər mövcud olublar. Müəyyən nailiyyətləri isə onlar ancaq elmə pozitiv münasibət olan mühitdə qazana biliblər.

 

 

ƏDƏBİYYAT SİYAHISI

 

  1. http://www.ng.ru/97.08/t18_1htm
  2. Алик М. Наследство Гипатии: история женщин в науке с античности до конца ХIХ века, 1996.
  3. Богданова И.Ф, Женщины в науке: вчера, сегодня, завтра. 2004.
  4. wikipedia.org/wiki/Eliza_Hayword
  5. http://www.nobel.narod.ru/Nob/Physics/sklodovskaya.htm
  6. wikipedia.org/wiki/Şəfiqə_Əhmədzadə
  7. Şahverdiyev A.B. Azərbaycan mətbuatı tarixi. 2006.
  8. Sabir Gəncəli (Məmmədov). Ömürlərdən səhifələr. 1973.

 

 

 

 

 

 

 

 

 

Реклама

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s