Muxtar Dadaşov

_azpressaz_esger_ismayilov_muxtar_dadashovMuxtar Dadaşov
1913 — 7.05. 1998
«Muxtar Dadaşov Azərbaycan kinematoqrafiyasının fəxri və şöhrətidir»
A. Moldavski (Leninqrad)
Onun iş otağı bu gün də rejissorun sağlığında olduğu kimimdir. Qovluqların birində saxlanılan şəkillər onun istedadlı sənədli film ustası olmasından xəbər verir. Digər qovluqdakı sənədlərsə onun bədii filmlərdə (həm operator, həm də rejissor) çalışdığı illərlə bağlı idi.
Onun rəssamlıq qabiliyyəti çəkdiyi dostluq şarjlarından özünü büruzə verirdi. M. Dadaşov ömrünün 72 ilini Azərbaycan mədəniyyətinə həsr etdi: bunun 65 ili kinomuzun payına düşür.
İlk dəfə səhnəyə çıxanda cəmi 11 yaşı vardı. Azərbaycan Dövlət Akademik Dram teatrında uşaq rollarını ifa edirdi. 1928-ci ildə C. Cabbarlının «Sevil» pyesinin ilk tamaşasında Gündüz obrazını yaratdı. 1929-cu ildə isə türk uşaq teatrının aparıcı aktyoru olmuşdur. Sonradan həmin teatr Gənc tamaşaçılar teatrına çevrildi.
Kinematoqrafiyada yaradıcılıq fəaliyyəti 1931-ci ildən başlanan M. Dadaşov deyirdi: «Kinoya məhəbbətim o qədər güclü idi ki, teatrdan çıxıb həmişəlik kino sənətinə bağlandım. 18 yaşımda əvvəlcə operator Fyodr Novitskinin şagirdi, sonra operator Boris Pumpyanskinin assistenti oldum. «Lökbatan», «Neft simfoniyası», «Köçərilər» filmlərinin çəkilişlərində iştirak etdim. «Elə çək ki, elə bil sonuncu işindir» deyən dahi Eyzenşteynin sözlərini unutmadım. Sonra Moskvada, «Mejrabpomfilm» studiyasında böyük təcrübə keçdim.
1939 — cu ildə o, rejissor — operator kimi «Samur — Dəvəçi kanalı» kinooçerkini çəkirdi. Bir gün Səməd Vurğunla Rəsul Rzanı lentə alarkən Vurğun ona həvəslə çalışan ləzgi qızını göstərib tez çəkiliş etməsini təklif etdi və sonra dedi: «Belə gözəli görəndən sonra necə şair olmayasan?»Amma deyəsən vəcdə gələn Səməd Vurğun olsa da» Muxtar Dadaşov şair «oldu»:
«Gözəl ləzgi qızı, sən dinlə məni,
İlhama gəlmişəm səni görəni,
Coşqun Samur çayı, odlar vətəni,
Dinləsin tərifin, a ləzgi qızı…
(«Gənc işçi» qəzetində dərc olunmuş şeirdən bir parça)
M. Dadaşov müxtəlif illərdə görkəmli adamların — ulu öndər Heydər Əliyevin, dünya şöhrətli bəstəkarlarımızdan dahi Üzeyir bəyin, Qara Qarayev və Fikrət Əmirovun, ölməz Bülbülün, məşhur pambıq ustaları Bəsti Bağırova və Şamama Həsənovanın, xalq şairi Səməd Vurğunun, neftçi Qurbanın, planetimizin ən qocaman sakinlərindən olan Mahmud Eyvazovun, Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun və bir çoxlarının kinoportretini yaratmışdır.
Rejissorun 1950-ci ildə çəkdiyi «Sovet Azərbaycanı» filmində isə məşhur neftçi Gülbala Əliyevin, Ağa Nemətullanın, Mixail Kaveroçkinin, pambıqçı Manya Kərimovanın, məşhur inşaatçı — energetik Sarvan Salmanovu canlandırır, respublikanın iqtisadi — mədəni quruculuğu, zəngin tarixi keçmişini əks etdirir.
Bu film 1951-ci ildə Kannda (Fransa) keçirilən IV Beynəlxalq kino festivalında nümayiş etdirilən və kinolentə «elmi-kütləvi və pedaqoji filmlərə görə «münsiflər heyətinin xüsusi mükafatı verilmişdir. Rejissorun 1966-cı ildə çəkdiyi «Nəriman Nərimanov» sənədli filmi rejissorun gərgin axtarışlarının bəhrəsi olan Moskvada əldə etdiyi nadir arxiv sənədləri əsasında çəkilmişdir. Görkəmli ictimai xadim, dramaturq, yazıçı, həkim Nərimanovun Genuya konfransında iştirakını əks etdirən kinoxronika son dərəcə qiymətlidir. Filmdə Çiçerinin Nərimanov haqqında Leninə verdiyi xasiyyətnaməni və Azərbaycanın fəxri, dahi şəxsiyyət Nərimanovun Moskvada dəfnini əks etdirən kinokadrlar əvəzsiz material kimi rejissorun gərgin əməyindən xəbər verir.
Filmdən məlum olur ki, Suxanovlar soyadlı ata-oğul uzaq Yakutiyadan Nərimanovun qəbrini ziyarət etmək üçün gəlmişlər. Azərbaycan oğlunu 20-ci illərdən tanıyan ata onun şərəfinə oğluna Nəriman adını qoymuşdu.
«Əbədi qardaşlıq» tammetrajlı sənədli filmi də nadir kadrlarla zəngindir. Bu filmdə cəbhə dostları — Azərbaycanlı Məmmədovla ukraynalı qadın Xovanskayanın 20 ildən sonra Lvovda, sonra isə Füzulinin Horadiz kəndindəki görüşləri tamaşaçı tərəfindən həyəcanla izlənir.
Onun S. Bədəlovla birgə operator kimi çalışdığı «Arazın o tayında» sənədli filmi II Dünya müharibəsi illərində İran Azərbaycanındakı mövcud vəziyyət, 40-cı illərin ikinci yarısından sonra baş verən siyasi hadisələr, tarixə çevrilmiş anlar öz əksini tapmışdır. Ən başlıcası, onu qeyd etmək lazımdır ki, burada heç bir şey «süzgəcdən» keçirilməmişdir.
İkinci dünya müharibəsinin ilk günlərindən Muxtar Dadaşov neft mədənlərini, zavod və fabrikləri gəzir, gecəni gündüzə qataraq əmək adamlarının içində olurdu. Bakı ətrafında düşmən tanklarının qurulmasını, cəbhəni neft və başqa məhsullarla təmin edən şəhərin havadan və dənizdən qəhrəmancasına müdafiə olunmasını lentə alır və bu xronikal lentlər montaj olunub ekranlarda operativ nümayiş etdirilirdi.
Məlumdur ki, 1942-ci ilin sentyabrında hitlerçilər Bakını tutmağa hazırlaşırdılar. Onun «Bakı 42» sənədli filminə 10 ildən sonra ictimai baxış keçirilərkən müharibə veteranları ekran əsərinin son dərəcə əhəmiyyətli olduğunu təsdiqlədilər. Filmdə böyük rus şairi V. V. Mayakovskinin Bakı nefti haqqında yazdığı şeirdən bir parça görkəmli sərkərdə K. Cukovun dilindən səslənir: «Sovet qırıcı təyyarələri, sovet tankları faşist Almaniyasının səmasına və torpağına Bakı benzininin vasitəsilə hücuma keçirlər»… O, 1943-cü ildə «Bakı döyüşür» sənədli filmini çəkir. Həmin filmdə dahi Üzeyir bəyi, şair Səməd Vurğunu, kimyaçı-alim Yusif Məmmədəliyevi, neftçilər — Gülbala Əliyevi, Ağa Nemətullanı, Rüstəm Rüstəmovu da görmək olar. Elə həmin ildə faşist işğalçıları Mineralnı Vodı şəhərindən qovulub çıxarılanda hitlerçilərin vəhşi cinayətlərini təhqiq edən sovet komissiyasına rus yazıçısı A. Tolstoy rəhbərlik edirdi. M. Dadaşov operator köməkçisi İsmayıl Əfəndiyev komissiyanın sərəncamına göndərilmişdilər. Geri çəkilən almanların partlatdığı binalar hələ də alovlanır, düşmən təyyarələri bombardmanı davam etdirirdi. Göz önündə xarabalıqlar və insan əzabının xaosu, möcüzə nəticəsində sağ qalmış adamların şok vəziyyəti və hitlerçilərin törətdiyi digər cinayətlər canlanırdı. Kamera isə çəkirdi. Komissiya da artıq öz işinə başlamışdı.
Amma Muxtar çox gənc idi və yaşarmış gözləri, qurumuş boğazı onun əl-qolunu yanına salırdı. Aleksey Tolstoy gənci qucaqlayıb ürəkləndirirdi: «Özünü ələ al, oğlum, Bu sənədlər komissiyaya, insanlara lazım olacaq, bu kadrlara görə gələcək nəsillər Sizə minnətdarlıq edəcəklər. Cinayətkarlarsa mütləq cəzalarını alacaqlar. Bu belə də oldu. Nürnberq prosesində həmin kadrlar nümayiş etdirildi. «Onlar qisasdan qaça bilməyəcəklər» sənədli filmi Stavropol məhkəməsində nümayiş etdirildi.
Bundan əlavə bu xronikadan «Ordenli Azərbaycan» kinojurnalında və «Almanların Şimali Qafqazda vəhşilikləri» xüsusi buraxılışında da istifadə olundu.
1965-ci ildə «Arşın mal alan» filminin yenidən ekranlaşdırılması məsələsi ortaya çıxanda T. Tağızadə və M. Dadaşov ssenarini birlikdə yazmışdılar və quruluş vermək də onların ikisinə tapşırılmışdı. Amma nədənsə Dadaşov filmə quruluş verməkdən imtina etdi.
«Qanun naminə» filmi onun quruluş verdiyi ilk iri ekran əsəridir. Bu film barəsində məşhur kino tənqidçisi M. Belyavski Moskvada nəşr olunan «Sputnik kinozritelya» dərgisində yazmışdı: «Kino sənəti ötən günləri canlandırmaq iqtidarındadır. Lakin bu film yaxın keçmişin hadisələrini nəql etməklə belə bir fikir irəli sürür ki, bütün qüvvə və zəkaların böyük ideyalar uğrunda mübarizəyə sərf etməyə hazır olan Mehman kimi adamlar bu gün də, sabah da həmişə bizə lazımdır».
Bu filmin ilk baxışı Qazan şəhərində keçirilirdi. Tədbirdə Dadaşov özü də iştirak edirdi. Film sona çatdıqdan sonra yaşlı tatar qadını ayağa qalxıb qəzəblə rejissordan soruşdu: «Cavab verin, Mehmanı kim öldürüb?». Tamaşaçılar dağılışmaq fikrində deyildi. Zalda olan komsomolçular ayağa qalxıb bir dəqiqəlik sükutla Mehmanın xatirəsini yad etdilər. Həmin an rejissorun ürəyi köksünə sığmırdı.
Amma «qatil» qadına cavab verməli idi: «Mən Mehmanı cismən öldürmüşəm. Amma zala baxsanız, oradakı gənclərin simasında Mehmanları görəcəksiniz».
Müəllif Süleyman Rəhimov da bu fikirdə idi: «Sən Mehmanımızın ömrünü min il də uzatdın» deyib onun ölümü ilə «barışmışdı».
Film o qədər həyati və canlı idi ki, proses ərəfəsində çəkilişdə olduğunu bilən Flora xanım sınıq şüşədən görünən aktyor Rza Təhmasibdən — Qaloşdan əməlli başlı qorxub vahiməyə düşmüşdü.
«Bakıda küləklər əsir» filmi 1942-ci ilin yayından bəhs edir. Hitler ordusunun Qafqaza hücumu başlanmışdı. Neft Bakısına təyyarə vasitəsilə iri desant dəstəsi göndərmək fikrində olan Hitlerin planları mövzusu, Bakı neftinə susayan faşist kəşfiyyatçılarının əməlləri ustalıqla ekranlaşdırılmışdı.
Rza Təhmasib tez-tez Leyla Bədirbəylidən soruşardı: «Nəyə görə Muxtar Dadaşovla çalışmağa üstünlük verirsən, Nəyə görə sənin iri planlarını ona etibar edirsən?» Leyla xanımsa cavabında bildirərdi ki, istedadlı kino ustası Əlisəttar Atakişiyev təbiət vurğunu olduğu üçün ceyranların duruşu, yarpaqların pıçıltısı onu daha çox cəlb edir. Muxtar müəllim isə insanların daxili aləminə nüfuz etməyi sevir və bacarır…
Rejissoru olduğu bədii filmlər:
1. «Qanun naminə» (həm də ssenari müəllifi) — 1968
2. «Bakıda küləklər əsir» (həm də ssenari müəllifi) — 1974
Operatoru olduğu bədii filmlər:
1. «26 komissar» — (operator assistenti) — 1932
2. «Rəqs edən bağalar» — 1935
3. «Kəndlilər» — (Feldmanla birgə — operator qrupu) — 1939
4. «Yeni horizont» (F. Novitski ilə birgə) — 1940
5. «Vətən oğlu»1941
6. «Sualtı qayıq T — 9» — (N. Renkovla birgə) — 1943
7. «Arşın mal alan» (Ə. Atakişiyevlə birgə) — 1945
Rejissoru olduğu sənədli filmlər:
1. «Budyonnı Bakıda» («Ordenli Azərbaycan» k/c — nın xüsusi buraxılışı) — 1952
2. «Ağ qızıl ustaları» — 1958
3. «Sabir» — 1962
4. «Əbədi qardaşıq» — 1965
5. «Nəriman Nərimanov» — 1966 (1967-ci ildə Tbilisidə keçirilən Zaqafqaziya və Ukrayna respublikaları kinofilmlərinin zona festivalında tarixi-inqilabi mövzunun ən yaxşı təsvirinə görə priz almışdır)
6. «Respublikam haqqında həqiqət» (həm də ssenari müəllifi) — 1972
7. «Azərbaycan kinosunun 60 illiyi» (həm də ssenari müəllifi) — 1976
8. «L. İ. Brejney Bakıda» — (həm də ssenari müəllifi) — 1979
9. «Respublikaya 3-cü Lenin ordeni» — 1983
10. «Bakı — 42» (həm də ssenari müəllifi) — 1985.
Operator olduğu sənədli filmlər:
1. «Qaz» operator köməkçisi — 1931
2. «Pambıq koluna qulluq edilməsi» (operator köməkçisi) — 1931
3. «Azərbaycan diviziyasının düşərgələrində» (operator köməkçisi) — 1932
4. «Köçərilər» (operator assistenti) — 1933
5. «Lökbatan» — 1933
6. «Neft simfoniyası» (B. Pumiyanski ilə birgə) — 1933
7. «Ordenli Azərbaycan » (operator qrupu) — 1938
8. «Stalin adına Samur — Dəvəçi kanalı — 1939
9. «20-ci bahar» — (C. İsmixanovla birgə) — 1940
10. «Bakı hazırdır» (operator) — 1940
11. «Arazın o tayında» — (S. Bədəlovla birgə) — 1947
Rejissor — operatoru olduğu sənədli filmlər:
1. «Samur — Dəvəçi» kanalı — (həm də operator) — 1940
2. «Almanların Şimali Qafqazda vəhşilikləri» — 1943
3. «Bakı döyüşür» — (həm də ssenari müəllifi) — 1944
4. «Zaqafqaziya müsəlmanları ruhanilərinin qurultayı» — (həm də ssenari müəllifi) — 1944
5. «Axşam konserti» — 1948
6. «Azərbaycan qurur» — 1948
7. «Mingəçevir» — 1949
8. «Səhər nəğməsi» — 1950
9. «Sovet Azərbaycanı» (F. Kiselyovla birgə) — 1950
10. «Arazın sahillərində» — 1953
11. «Həyata keçmiş arzular» (həm də ssenari müəllifi) — 1954
12. «Səadət yolu ilə» — 1956 (Ümumittifaq Kənd Təsərrüfatı sərgisinin qızıl medalına layiq görülmüşdür)
13. «Bizim Azərbaycan» (operator qrupu) — 1959
14. «Doğma torpaq, Azərbaycan» — 1960
15. «Kür» — 1963
16. «Sovet Azərbaycanının 50 illiyi» (operator qrupu) — 1970
Ssenarisini yazdığı bədii film:
1. «Arşın mal alan» — (T. Tağızadə ilə birgə) — 1965
Çəkildiyi film:
1. «Canlı Allah» (komsomolçu — Tacikistan) — 1934.

Sevda Rəsulova

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bölmə müdiri

Реклама

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s